Qidalanma və pəhriz

Giriş.

Dünya Xərçəngin Tədqiqatı Fondunun hesabatına görə dünyada qeydə alınan bütün xərçəng xəstəliklərinin 27-39%-nin qarşısını sağlam pəhriz, fiziki aktivlik və bədən çəkisinin norma daxilində saxlanması ilə almaq mümkündür. Təhlillər göstərir ki, dünyada 1.7 mln insanın ölümü bir başa az miqdarda meyvə və tərəvəz yeməklə bağlıdır. Meyvə və tərəvəzin adekvat həcmdə qəbulu ürək-damar xəstəlikləri, mədə xərçəngi və kolorektal xərçəng riskini azaltmış olur. Dəqiq məlumdur ki, yüksək enerjili qida növlərinin (məsələn, yağ və şəkərlə zəngin olan qidalar) çox həcmdə qəbulu piylənməyə səbəb olur. Meyvə və tərəvəzin qəbulu isə əks effektə malikdir.

Qida ilə qəbul edilən duzun həcmi arteriyal təzyiqin və ümumi ürək-damar xəstəliyi riskinin mühüm göstəricisidir.  ÜST tərəfindən duzun qəbulu ilə bağlı tövsiyəsi günə 5 qm-dan azdır. Bu həcmdə duzun qəbulu ürək-damar xəstəlikləri riskini azaltmış olur. Lakin, müxtəlif ölkələrdən əldə edilən məlumatlar göstərir ki, əhali bundan daha çox duz qəbul edir.

Hesablanıb ki, hazırda duzun gündə 9-12 qram istifadəsi səviyyəsindən cəmisi günə 5 qramaddək azaldıması dünyada qan təzyiqi və ürək-damar xəstəliklərinin azadılmasına mühüm təsir etmiş olar.

Məlumdur ki, doymuş və trans-doymuş yağlar koronar damar xəstəliyi riskini artırmış olur və onların mono-doymuş və polidoymamış yaqlarla əvəzlənməsi riski azaltmış olur. Sübutlar var ki, doymuş və trans-doymuş yağların qəbulu tip 2 şəkərli diabetin yaranması riski ilə bağlıdır. Əksinə isə tərəvəz mənşəli polidoymuş yağların qəbulu diabet riskini azaltmış olur.

Xərçəng xəstəliyinin inkişafı baxımından isə dünyanın bir çox regionlarında qida rasionu əhəmiyyətli risk faktorudur. Məs., fındıq və dənli bitkilərin aflatoksinlərlə kontaminasiyası hepatoselullar karsinoma hallarının 5-28%-də əsas səbəb olaraq müəyyən edilmişdir. Bununla yanaşı Çin üslubunda hazırlanmış duzlu balığın qəbulu nazofaringeal xərçəngin yaranması ilə əlaqələndirilir.

 

Qidalanmaya dair tövsiyə

Sağlam qidalanma ÜDX profilaktikasının əsasıdır. Qidalanma xüsusiyyətləri ÜDX riskinə XS, AT, bədən çəkisi və ŞD kimi digər risk amilləri vasitəsi ilə və müstəqil şəkildə təsir edir. Bu səbəbdən sağlam qidalanma ÜDX profilaktikasının əsasında durur.

ÜDX-nin profilaktikası kimi istifadə olunan sağlam qidalanmanın qarşısında duran əsas problem qidalanma rasionunun (həm kəmiyyət, həm də keyfiyyət baxımından) uzunmüddətli dəyişdirilməsi üzrə insanların davranışının davamlı şəkildə dəyişməsinə və bədən çəkisinin normal səviyyədə saxlanılmasına nail olunmasından ibarətdir.

 

Sağlam qidalanmanın səciyyəvi xüsusiyyətləri

  • Doymuş yağ turşuları gündəlik kalorinin 10%-dən az hissəsini təşkil etməli və polidoymamış yağ turşuları ilə əvəz olunmalıdır
  • Transdoymamış yağ turşularından istifadə olunması mümkün qədər məhdudlaşdırılmalı, qidanın hazırlanması prosesində istifadə olunmamasına üstünlük verilməli, qida ilə qəbul olunan ümumi kalorinin 1%-dən az olmalıdır.
  • Gün ərzində istifadə edilən duzun miqdarı 5 qramdan az olmalıdır.
  • Gün ərzində dənli bitkilərdən, meyvə və tərəvəzdən alınan liflərin miqdarı 30-45 qram olmalıdır.
  • Gün ərzində istifadə edilən meyvənin miqdarı 200 qram (2-3 porsiya) olmalıdır.
  • Gün ərzində istifadə edilən tərəvəzin miqdarı 200 qram (2-3 porsiya) olmalıdır.
  • Həftədə ən azı 2 dəfə balıq istifadə edilməli, bunlardan biri yağlı balıq olmalıdır.
  • Qidalanmanın kalori tərkibi məhdudlaşdırılmalı və bədən çəkisinin normal qalması (və ya buna nail olunması) üçün yetərli olmalıdır, BKİ <25 kq/m2.

Yuxarıda qeyd edilən sağlam qidalanma qaydalarına riayət edildikdə əlavə xüsusi pəhriz və ya xüsusi qida əlavələrindən istifadə tələb olunmur.

Nutriyentlər (qida maddələri)

ÜDX profilaktikası nöqteyi-nəzərindən nutriyentlər arasında (əsasən lipoproteinlərin səviyyəsinə təsir edən) yağ turşuları, (əsas etibarı ilə AT-yə təsir edən) minerallar və qida lifləri xüsusi əhəmiyyətə malikdir.

 

Yağ turşuları

Profilaktik nöqteyi-nəzərdən qida ilə qəbul olunan yağın həcmindən yağ turşularının tərkibi daha çox əhəmiyyət kəsb edir.

 

Doymuş yağ turşuları

Doymuş yağ turşularından istifadənin ÜDX-nin əmələ gəlməsinə təsiri hələ də müzakirələr doğurur. Bəzi tədqiqatlarda doymuş yağ turşularının qan plazmasında XS-nin səviyyəsi vasitəsi ilə ÜDX-nin əmələ gəlməsinə müstəqil təsirinin olması göstərilmişdir. Qidalanmanın digər əhəmiyyətli aspekti də doymuş yağ turşularının nə ilə əvəz edilməsidir. Epidemioloji, klinik və təsviri tədqiqatların nəticələri qida rasionunun doymuş yağ turşularından gələn enerjisinin 1%-nin polidoymamış yağ turşuları ilə əvəz edilməsi zamanı ÜDX riskinin 2-3% azaldığını göstərir. Beləliklə, qidalanma rasionunda doymuş yağ turşuları payının, polidoymamış yağ turşuları ilə əvəz edilməsi şərtilə, maksimum 10%-dək azaldılması ÜDX-nin profilaktikasında böyük əhəmiyyətə malikdir.

 

Doymamış yağ turşuları

Monodoymamış yağ turşuları doymuş yağ turşularını və ya karbohidaratları əvəz etdikdə XS-YSLP səviyyəsinə müsbət təsir göstərir.

Polidoymamış yağ turşuları XS-ASLP səviyyəsini azaldır və doymuş yağ turşularını əvəz etdikdə XS-YSLP səviyyəsini daha az artırır.

Trans-yağ turşuları ümumi XS səviyyəsini artırır və bununla da XS-YSLP səviyyəsini azaltmış olur. Qida rasionunun ümumi kaloriliyinin orta hesabla trans-yağlar hesabına 2% artırılması ÜDX riskinin 23% artmasına gətirir. Trans-yağların qida rasionunda tövsiyə olunan səviyyəsi ümumi enerji daxilolmalarının 1%-dən az olmalıdır, yəni nə qədər az olsa, bir o qədər yaxşıdır.

 

Qida xolesterini

Doymuş yağ turşularının istifadəsinin azaldılmasına dair tövsiyələrə riayət olunduqda nəticə kimi, adətən, qida XS-nin azalması baş verir. Bu halda qida XS-nin qan plazmasında olan XS səviyyəsinə olan təsiri qida rasionunda yağ turşularının tərkib nisbətinin təsirindən əhəmiyyətli dərəcədə zəifdir.

 

Minerallar.

Natrium. Xörək duzunun qısa müddətə 1 q/gün səviyyəsinə qədər azaldılması SAT-nin arterial hipertenziyalı xəstələrdə 3,1 mm c.s., normal təzyiqi olan şəxslərdə isə 1,6 mm. c.s. azalmasına gətirib çıxarır. Tövsiyə olunan duzun istifadə səviyyəsi – 5 q/gün-dən az. Optimal səviyyə daha az ola bilər: ~3 q/gün. Hazır qida məhsulları xörək duzunun ən əhəmiyyətli mənbəyidir.

 

KaliumKalium istifadəsinin artması AT-nin azalmasına gətirib çıxarır. Meyvə və tərəvəz kaliumun əsas mənbələridir. Beyin insultunun riski əhəmiyyətli dərəcədə istifadə olunan kaliumun səviyyəsindən asılıdır: kaliumu çoxlu həcmdə (orta hesabla 110 mmol/gün) istifadə edən şəxslərdə insultun nisbi riski daha az kalium (orta hesabla 61 mmol/gün) istifadə edən şəxslərlə müqayisədə 40% daha aşağıdır.

 

Qida lifləri.

Qida liflərinin qida tərkibində istifadəsi ÜDX riskini azaldır. Məlumdur ki, çoxlu həcmdə qida liflərinin istifadə edilməsi karbohidratlarla zəngin olan unlu qida qəbulundan sonra postprandial qlikemiyanı və ümumi XS və XS-ASLP səviyyəsini azaldır. Qida liflərinin ən əhəmiyyətli mənbələri – bütöv dənli bitkilər, lobyalar, meyvə və tərəvəzlərdir. ABŞ-ın Milli Akademiyasının Sağlamlıq İnstitutu tövsiyələrinə görə ~ 30-45 q/gün səviyyəsində böyüklər üçün qida liflərinin qəbulu ÜDX-nin profilaktikası baxımından optimal hesab edilə bilər.

 

Qida məhsulları və qida qrupları

Meyvə və tərəvəz. Müxtəlif tədqiqatların nəticələri göstərmişdir ki, gün ərzində hər əlavə porsiya meyvə və tərəvəzin qəbul edilməsi ÜİX riskini 4%, insultun riskini isə 5% azaldır. Bu müdafiənin effektivliyini əsasən kalium mənbəyi olan meyvə və tərəvəzin AT səviyyəsinə olan təsiri ilə izah etmək olar. Meyvə və tərəvəzin tərkibində olan qida lifləri və antioksidantlar da müəyyən əhəmiyyətə malikdir.

Gün ərzində ən azı 200 q meyvə (2-3 porsiya) və 200 q tərəvəz (2-3 porsiya) qəbul etmək tövsiyə olunur.

 

Balıq. Balıqdan istifadənin müdafiə təsiri balıq ətində yüksək səviyyədə omeqa-3 yağ turşularının olması ilə müəyyən olunur. Həftə ərzində heç olmazsa 1 dəfə balıqdan istifadə ÜDX riskini 15% azaldır. Balıqdan ayda bir dəfədən az istifadə edən insanlarla müqayisədə həftədə balıqdan 2-4 dəfə istifadə edənlər arasında insult riskinin 18% azaldığı göstərilmişdir. Balığın istifadəsinin həftədə 1-2 dəfəyə qədər artırılması ÜİX-dən ölüm hallarını 36%, ümumi ölüm dərəcəsini isə 17% azalda bilər. Buna görə də balıqdan ən azı həftədə iki dəfə istifadə edilməsi tövsiyə olunur və bu halda iki dəfədən birində balıq yağlı olmalıdır.

 

Yüngül şəkər tərkibli içkilər. Yüngül şəkər tərkibli içkilərdən müntəzəm istifadə artıq bədən çəkisi və II tip ŞD ilə əlaqələndirilir.

Bir cavab yazın