Palliativ qayğı

Palliativ qayğı ağır xəstəliyi olan xəstələr və onların ailələrinin mümkün həyat keyfiyyətinin dəstəklənməsi və əzab-əziyyətin profilaktikası və azaldılmasına yönəlmiş multidissiplinar tibbi ixtisasdır.

Palliativ qayğının əsasını simptomların tənzimlənməsi təşkil edir. Bu növ qayğı zamanı diqqətin cəlb olunduğu məsələlərə aşağıdakılar aiddir: xəstənin önəm verdiyi mənəvi dəyərlər və istəklər əsasında qayğının məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi; xəstə və ona göstərilən qayğıda iştirak edən bütün şəxslər arasında davamlı ünsiyyətin təmin edilməsi; xəstələrə və onların ailələrinə psixososial, mənəvi, dini və praktik dəstəyin göstərilməsi və bütün spektr üzrə qayğının koordinasiyası.

Həyatın sonuna dair düşüncələr.

Dünyanın bir çox yerində, o cümlədən, Azərbaycanda ölüm və ölüm prosesi barədə açıq müzakirələrin aparılması qadağan olmasa da, heç də yaxşı qarşılanmır. Bəzi mədəniyyətlərdə ölüm haqqında danışmaq hörmətsizlik hesab edilir. Qərbdə və Şərqdə ölüm o dərəcədə emosional sarsıntı yaşadır ki, bir çox insanlar onun barəsində danışmaqdan çəkinir və ya həmin mövzuda müzakirədən qaçır. Məhz bu cür yanaşma palliativ yardıma olan müraciətlərin gecikməsinə və ya ümumiyyətlə insanların müraciət etməməsinə gətirib çıxara bilir.

Ümumdünya Səhiyyə Təşkilatına görə palliativ yardım “ağrı, fiziki, psixososial və emosional problemlərin erkən aşkar edilməsi və qiymətləndirilməsi ilə əzabın profilaktikası vasitəsilə, həyata təhlükə olan xəstəliklə əlaqəli problemlərlə üzləşmiş xəstə və onların ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlik yanaşmadır”. 

Bizim peşəkar və təcrübəli palliativ qayğı komandamız ağır xronik xəstəliyi olanlara, habelə həyatın sonunu yaşayan insanlara tələb olunan bütün növ tibbi qayğı xidmətlərini göstərməyə hazırdır.